Rusiya, Ermənistan və Azərbaycan sərhədində təhlükəsizlik səviyyəsinin artırılması üzrə addımlar atacaqlar, dövlət sərhədinin delimitasiyası üzrə ikitərəfli komissiya yaradılması üzərində işləyəcəklər. Bu barədə RF, Ermənistan və Azərbaycan liderlərinin üçtərəfli görüşünün yekunlarına dair qəbul edilən birgə bəyanatda deyilir.
“Azərbaycan-Ermənistan sərhədində sabitlik v ə təhlükəsizlik səviyyəsinin artırılması üzrə addımlar atmağı və Azərbaycan Respublikası ilə Ermənistan Respublikası arasında dövlət sərhədinin delimitasiyası, sonradan tərəflərin sorğusu əsasında Rusiya Federasiyasının məsləhət yardımı ilə sərhədin demarkasiyası üzrə ikitərəfli komissiya yaradılması barədə şərtləşdik”, - Kremlin saytında dərc olunan üçtərəfli bəyanatda qeyd olunur.
Tərəflər regionda vəziyyətin sabitləşməsinə və təhlükəsizliyin təmin edilməsinə Rusiya sülhməramlı kontingentinin mühüm töhfəsini qeyd etdilər.
Bundan əlavə, tərəflər “Cənubi Qafqazda sabitliyin, təhlükəsizliyin və iqtisadi inkişafın təmin edilməsi naminə 2020-ci il 9 noyabr və 2021-ci il 11 yanvar tarixli bəyanatların bütün müddəalarının bundan sonra ardıcıl surətdə yerinə yetirilməsinə və dönmədən riayət olunmasına tərəfdar olduğumuzu təsdiq etdilər. Həmin bəyanatlardan irəli gələn, həllini gözləyən məsələlərin tezliklə həllinə yönəlmiş birgə səyləri fəallaşdırmaq barədə razılığa gəliblər”. **