Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov üçtərəfli bəyanatların, o cümlədən 26 noyabr tarixində Soçidə Rusiya, Azərbaycan və Ermənistan liderlərinin imzaladığı sənədin icrasının zəruriliyini qeyd edir.
«Davamlı sülhə, inkişafa və tərəqqiyə nail olmaq Azərbaycanın gələcəyə baxışının əsasını təşkil edir. Bu mərhələdə üçtərəfli bəyanatların tam şəkildə həyata keçirilməsi çox vacibdir. Azərbaycanın bu istiqamətdə atdığı addımların qarşılığını Ermənistandan gözləyirik”, - Bayramov Aşqabad şəhərində keçirilən İqtisadi Əməkdaşlıq Təşkilatının (İƏT) Xarici İşlər Nazirləri Şurasının 25-ci iclasında bildirib.
Nazirin sözlərinə görə, Azərbaycan, Rusiya və Ermənistan liderlərinin üçtərəfli bəyanatlarına uyğun olaraq, o cümlədən 26 noyabr tarixində üç liderin imzaladığı bəyanatda da qeyd edildiyi kimi, “kommunikasiyaların yenidən canlandırılması, bölgədə dəmir yolu və avtomobil yollarının açılması regionumuzda davamlı sülh və sabitliyə yol açacaq, Ermənistan və Azərbaycan vasitəsilə ticarət və nəqliyyatı, həm bu ölkələrin, həm də tərəfdaşlarımızın xeyrinə əhəmiyyətli dərəcədə artıracaq”.
“Bu mənada ön plana çıxan təşəbbüs Zəngəzur dəhlizidir. O, Trans-Xəzər Beynəlxalq Şərq-Qərb Orta Dəhlizində daha yaxşı əlaqəni artırmaq üçün potensiala malikdir», - Azərbaycan XİN-in mətbuat xidməti Bayramovun sözlərinə istinad edir. **
A.Salayeva