Azərbaycan prezidenti İlham Əliyev bəyan edib ki, Zəngəzur dəhlizi reallığa çevrilir.
“Bu gün deyə bilərəm ki, Zəngəzur dəhlizi reallığa çevrilir (Azərbaycanın qərb ərazisindən, sonra Ermənistan ərazisindən, daha sonra isə Naxçıvan Muxtar Respublikasından keçməklə Türkiyəyə - İF). Bu yeni nəqliyyat infrastrukturu Şərq-Qərb və Şimal-Cənub dəhlizlərinin önəmli hissəsinə çevriləcək”, - Əliyev bazar günü Aşqabad şəhərində İqtisadi Əməkdaşlıq Təşkilatının (İƏT) XV Zirvə Toplantısında çıxışı zamanı bildirib.
Azərbaycan prezidenti vurğulayıb ki, hazırda hökumət 2020-ci ilin payızında Ermənistanla 44 günlük müharibə nəticəsində azad edilmiş Qarabağ və Şərqi Zəngəzurun bərpası üzrə genişmiqyaslı işlər həyata keçirir.
"İşğal dövründə həmin ərazilərdə bütün şəhər və kəndlər yerlə-yeksan edilib.(...) Ərazilərin azad olunmasından dərhal sonra biz genişmiqyaslı yenidənqurma işlərinə başlamışıq ki, artıq onların ilkin nəticələri var. Azərbaycan yalnız özünün maliyyə resurslarına arxalanaraq, sıfırdan yeni şəhər və kəndlər salır. Bu il bu məqsədlərə dövlət büdcəsindən 1,3 milyard ABŞ dolları ayrılıb. 2022-ci ildə də bu işlərə ən azı eyni həcmdə vəsait ayrılacaq”, - prezident qeyd edib.
Əliyev əlavə edib ki, Qarabağ və Şərqi Zəngəzur yaşıl enerji zonası elan edilib: həmin ərazilərin təsdiqlənmiş potensialı 7200 meqavat günəş və 2000 meqavat külək enerjisi təşkil edir. **
A.Salayeva