Aşqabad şəhərində keçirilən İqtisadi Əməkdaşlıq Təşkilatının (İƏT) XV Zirvə Toplantısı çərçivəsində Azərbaycan, İran və Türkmənistan arasında qaz mübadiləsinə dair üçtərəfli saziş imzalanıb.
“Mehr” agentliyinin verdiyi məlumata görə, imzalanma mərasimində Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev, İran İslam Respublikasının Prezidenti Seyid İbrahim Rəisi və Türkmənistan Prezidenti Qurbanqulı Berdiməhəmmədov iştirak ediblər.
Müqaviləyə əsasən, Türkmənistandan İran vasitəsilə Azərbaycana ildə 1,5-2 milyard kubmetrədək qaz göndəriləcək.
“Müqavilə müddətsizdir və bu ilin dekabrın 22-dən onun həyata keçirilməsinə başlanılacaq”, - deyə məlumatda bildirilir.
İran SWAP müqaviləsi çərçivəsində Türkmənistan təbii qazını Azərbaycana nəql etməklə 5 əyalətinin qaza tələbatını ödəyə biləcək.
Daha əvvəl İranın neft naziri Cavad Övci bildirmişdi ki, noyabrın 22-də Tehranda Azərbaycan baş nazirinin müavini Şahin Mustafayevlə aparılmış danışıqların yekunları üzrə qonşu ölkələrdən, o cümlədən Türkmənistandan Azərbaycana qaz mübadiləsi haqqında razılıq əldə olunub.*
N.Abbasova