Noyabrın 29-da Əl-Riyad şəhərində Azərbaycan Respublikasının və Səudiyyə Ərəbistanı Krallığının Xarici İşlər nazirlikləri arasında məsləhətləşmələrin birinci raundu keçirilib.
Məsləhətləşmələrdə Səudiyyə Ərəbistanı tərəfini xarici işlər nazirinin müavini Valid bin Əbdülkərim Əl-Xureyci, Azərbaycan tərəfini isə xarici işlər nazirinin müavini Fariz Rzayev təmsil ediblər.
“Görüşdə iki ölkə arasında münasibətlərin hazırkı vəziyyəti, habelə ikitərəfli əlaqələrin siyasi, iqtisadi, humanitar və digər sahələrdə inkişafı yolları müzakirə olunub. Tərəflər, həmçinin qarşılıqlı maraq doğuran regional və qlobal xarakterli məsələlərə dair fikir mübadiləsi aparıblar”, - deyə Xarici İşlər Nazirliyinin məlumatında qeyd olunur.*
B.Rüstəmbəyov