2021-ci ilin yanvar-oktyabr aylarında Azərbaycanın xarici ticarətinin müsbət saldosu $7 milyard 515 milyon 125,36 min təşkil edib ki, bu da 2020-ci ilin analoji dövrünün göstəricisindən 2,2 dəfə çoxdur. Bu barədə “İnterfaks-Azərbaycan” agentliyinə Dövlət Gömrük Komitəsindən (DGK) məlumat verilib.
Yanvar-oktyabr aylarında Azərbaycanın xarici ticarət dövriyyəsi $26 milyard 182 milyon 697,28 min (2020-ci ilin yanvar-oktyabr ayları ilə müqayisədə artım 24,7% - İF) təşkil edib. Hesabat dövründə ixracın həcmi $16 milyard 848 milyon 911,32 min (artım 37,7%), idxalın həcmi $9 milyard 333 milyon 785,96 min (artım 6,5%) təşkil edib.
İxracın strukturunda əsas həcm (87,81%) neft-qaz sektoru məhsullarının payına düşüb.
İdxalın strukturunda 16,25% ərzaq məhsullarının, 0,8% tütün və tütün məhsullarının, 4,65% əczaçılıq məhsullarının, 0,42% gübrələrin, 3,3% plastik kütlələr və onlardan hazırlanan məmulatların, 2,77% odun və agac məhsullarının, 2,35% geyim və geyim aksessuarlarının, 7,45% qara metal və ondan hazırlanan məmulatların, 24,04% maşın, mexanizm və elektrik aparatlarının, o cümlədən onların ehtiyat hissələrinin, 11,57% nəqliyyat vasitələri və onların ehtiyat hissələrinin, 0,84% mebelin, 25,56% digər məhsulların payına düşüb.
Yanvar-oktyabr aylarında xarici ticarət əməliyyatlarında 8,25 min özəl və dövlət müəssisəsi və 46,623 min fiziki şəxs iştirak edib.
Bu dövrdə Azərbaycan 185 ölkə ilə ticarət əməliyyatları həyata keçirib.
Yanvar-oktyabr aylarında Azərbaycan əsas ixrac əməliyyatlarını İtaliya (ümumi ixracın 39,6%-i), Türkiyə (11,93%), Rusiya (4,14%), İspaniya (3,32%), Xorvatiya (4,46%), İsrail (3,67%), Gürcüstan (3,2%), Hindistan (3%), Portuqaliya (3,17%), Tunis (2,64%), Almaniya (2,5%) və Ukrayna (2,5%) ilə, əsas idxal əməliyyatlarını isə Rusiya (17,66%), Türkiyə (15,94%), Çin (14,02%), Almaniya (5,69%), ABŞ (3,92%), İtaliya (3,76%), Ukrayna (3,89%), İran (3,33), Böyük Britaniya (2,51%) və Yaponiya (2,3%) ilə həyata keçirib.
2020-ci ildə Azərbaycanın xarici ticarətinin müsbət saldosu $3 milyard təşkil edib ki, bu da 2019-cu ilin göstəricisindən 49,6% azdır. Azalma COVID-19 pandemiyasının təsiri və dünya bazarlarında neftin qiymətinin ucuzlaşması ilə şərtlənib.**
X.Nəsirzadə