31 dekabr 2020-c ildən etibarən Cənub Qaz Dəhlizi ilə Avropaya ixrac olunan Azərbaycan qazının həcmi 7 milyard kubmetr təşkil edib. Bu barədə «SOCAR Turkiye Enerji» şirkətinin baş direktoru Zaur Qəhrəmanov bəyan edib.
“Noyabrın 26-na olan vəziyyətə görə, CQD ilə Avropaya 7 milyard kubmetr qaz ixrac olunub”, - Qəhrəmanov İstanbulda Azərbaycan jurnalistləri üün mətbuat konfransında bildirib.
“İnterfaks-Azərbaycan” agentliyinin müxbiri məlumat verir ki, Qəhrəmanov əlavə edib ki, 30 iyun 2018-ci ildən etibarən CQD ilə Türkiyəyə Azərbaycan qazının ixracı 13,4 milyard kubmetr təşkil edib.
Prezident İlham Əliyev 2018-ci il mayın 29-da Cənub Qaz Dəhlizini işə salıb. Layihənin dəyəri $33 milyard təşkil edib.
CQD layihəsinin əsas komponentləri bunlardır: “Şahdəniz” layihəsi üzrə “Mərhələ-2”, Bakı-Gürcüstan-Türkiyə sərhədi Cənubi Qafqaz boru kəməri magistralının genişləndirilməsi, Türkiyənin şərq sərhədindən qərb sərhədinə qədər Trans-Anadolu qaz kəmərinin (TANAP) və Yunanıstan, Albaniya və Adriatik dənizini birləşdirən Trans-Adriatik qaz kəmərinin (TAP) tikintisi.
CQD ilə ildə 16 milyard kubmetr həcmində Azərbaycan qazının ixrac edilməsi nəzərdə tutulub. Bunun 10 milyard kubmetri Avropaya, 6 milyard kubmetri isə Türkiyənin qərb regionlarına nəql olunacaq. Türkiyəyə qaz ixracına 2018-ci ilin yayından başlanılıb. “Şahdəniz” yatağından hasil olunan Azərbaycan qazının İtaliya, Yunanıstan və Bolqarıstandakı istehlakçılar üçün Avropaya nəqlinə 2020-ci il dekabrın 31-də başlanılıb. Avropaya ixrac CQD-nin sonuncu seqmenti olan və illik ötürmə qabiliyyəti 10 milyard kubmetr təşkil edən Trans-Adriatik qaz kəməri (TAP) ilə həyata keçirilir.
Hazırda CQD-nin ötürmə gücünün 2 dəfə artırılması məsələsi müzakirə edilir.**
N.Abbasova