Dövlət Sərhəd Xidmətinin helikopterinin qəzaya uğraması faktı ilə əlaqədar Baş Prokurorluq tərəfindən cinayət işi başlanıb. Qəza nəticəsində 14 nəfər həlak olub, daha 2 nəfər yaralanıb.
Məlumata verilir ki, faktla bağlı Baş Prokurorluğun İstintaq idarəsində Cinayət Məcəlləsinin 352.2 (uçuş və ya uçuşa hazırlıq qaydalarını pozma ehtiyatsızlıqdan iki və ya daha çox şəxsin ölümünə səbəb olduqda) və digər maddələri ilə cinayət işi başlanıb.
Bildirilir ki, cinayət işinin istintaqı Azərbaycanın baş prokuroru tərəfindən xüsusi nəzarətə götürülüb.
“Baş Prokurorluğun rəhbərliyinin iştirakı ilə hadisə yerinə baxış keçirilib. Hazırda hadisə yerində olan prokurorluq əməkdaşları tərəfindən intensiv istintaq hərəkətləri həyata keçirilir", - Baş Prokurorluqdan qeyd edilir.
Xəbər verildiyi kimi, saat 10:40 radələrində hərbi helikopter Xızı rayonu ərazisində yerləşən “Qaraheybət” aviasiya poliqonunda təlim uçuşları yerinə yetirərkən qəzaya uğrayıb. Həlak olan 14 nəfərdən 13-ü, həmçinin yaralanan iki nəfər zabitdir. Hazırda hadisə yerində intensiv istintaq hərəkətləri həyata keçirilir. **
R.Əhmədov