Azərbaycan Baş Prokurorluğu qəzaya uğrayan hərbi helikopterə hər hansı kənar müdaxilə imkanını istisna edir.
“İstintaqın hazırkı mərhələsində müəyyən edilib ki, noyabrın 30-u saat 10:00 radələrində döyüş təlimlərinin keçirilməsi məqsədilə uçuş həyata keçirmək üçün havaya qalxmış DSX-ya məxsus Mİ-17 markalı helikopterin qəzaya uğraması faktında hər hansı kənar müdaxilənin olması istisna olunur”, - məlumada deyilir.
Birdirilir ki, hadisənin pilotun ehtiyatsızlığı, helikopterdə baş vermiş hər hansı texniki nasazlıq, hava şəraiti, o cümlədən hər-hansı digər səbəbdən baş verməsi ilə bağlı bütün ehtimallar ətraflı yoxlanılır.
Bundan əlavə, Müdafiə Nazirliyindən cəlb olunmuş mütəxəssis tərəfindən qara qutunun götürülməsi təmin edilməklə hazırda onun tədqiqi aparılır.
“Cinayət işi üzrə Baş Prokurorluğun və Dövlət Sərhəd Xidmətinin rəhbərliyinin, eləcə də məhkəmə-ballistik, məhkəmə-texniki-yanğın və məhkəmə-tibb ekspertlərinin iştirakı ilə hadisə yerinə baxış keçirilib. Eyni zamanda Baş Prokurorluq, Hərbi Prokurorluq və DSX-nın peşəkar əməkdaşlarından ibarət yaradılmış istintaq qrupu tərəfindən zərərçəkmiş Emil Cəfərov və Ramin Ədilovun dindirilmələri təmin edilib, iş üzrə müvafiq ekspertizalar təyin edilib, o cümlədən zəruri sorğular verilib”, - məlumatda qeyd olunur.
Hazırda iş üzrə intensiv istintaq-əməliyyat tədbirləri həyata keçirilir. İstintaqın gedişatı barədə ictimaiyyətə əlavə məlumat veriləcək.
Xəbər verildiyi kimi, saat 10:40 radələrində hərbi helikopter Xızı rayonu ərazisində yerləşən “Qaraheybət” aviasiya poliqonunda təlim uçuşları yerinə yetirərkən qəzaya uğrayıb. Həlak olan 14 nəfərdən 13-ü, həmçinin yaralanan iki nəfər zabitdir. **
X.Nəsirzadə