2021-ci ilin yanvar-oktyabr aylarında Azərbaycanda elektrik enerjisinin istehsalı ötən ilin müvafiq dövrü ilə müqayisədə 7,3% artaraq 22 milyard 855,8 milyon kVt·st olub. Bu barədə “İnterfaks-Azərbaycan” agentliyinə Energetika Nazirliyindən məlumat verilib.
Hesabat dövründə elektrik enerjisinin istehsalı İES-lərdə 21 milyard 458,6 milyon kVt·st (artım 7%), SES-lərdə 1 milyard 108,9 milyon kVt·st (artım 17,2%), alternativ mənbələr üzrə 288,3 milyon kVt·st (azalma 0,1%) olub. Külək elektrik stansiyalarında 77 milyon kVt·st, günəş elektrik stansiyalarında 48,5 milyon kVt·st, Bərk Məişət Tullantılarının Yandırılması Zavodunda isə 162,8 milyon kVt·st elektrik enerjisi istehsal edilib.
Yanvar-oktyabr aylarında elektrik enerjisinin istehsalı “Azərenerji” ASC üzrə 20 milyard 504,3 milyon kVt·st (respublikada elektrik enerjisi istehsalının 89,7%-i), Naxçıvan MR Dövlət Energetika Xidməti üzrə 379,1 milyon kV·st, müstəqil elektrik stansiyaları üzrə 1 milyard 915,7 milyon kVt·st, “Azərişıq” ASC üzrə külək elektrik stansiyalarında 56,7 milyon kVt·st təşkil edib.
2021-ci ilin 10 ayı ərzində elektrik enerjisinin ixracı 1 milyard 156 milyon kVt·st (artım 28,2% - İF) təşkil edib. İrana 252,8 milyon kVt·st, Türkiyəyə 318,6 milyon kVt·st, Rusiyaya 79,1 milyon kVt·st, Gürcüstana isə 505,5 milyon kVt·st elektrik enerjisi ixrac edilib.
Bu dövrdə elektrik enerjisinin idxalı 130,8 milyon kVt·st (artım 13,7%) olub. İrandan 27,3 milyon kVt·st, Rusiyadan 78,9 milyon kVt·st, Gürcüstandan isə 24,6 milyon kVt·st elektrik enerjisi idxal edilib.
2020-ci ilin yekunları üzrə Azərbaycanda elektrik enerjisi istehsalı 2019-cu illə müqayisədə 1,1% - 25 milyard 811,2 milyon kVt·st-a qədər azalıb.*
B.Rüstəmbəyov