İqtisadiyyat naziri Mikayıl Cabbarov bildirib ki, hazırda nazirlikdə Ağdam Sənaye Parkında həyata keçirilməsi nəzərdə tutulan 5 layihəyə baxılır.
“Ağdam Sənaye Parkında müxtəlif çeşidli sintetik xalça, xüsusi və fərdi geyimlər, polimer məhsulları,günəş enerjisi ilə qidalanan işıq dirəkləri və xüsusi dam örtükləri, prefabrik dəmir-beton məmulatlarının istehsalı üzrə 5 layihəyə baxılır”, - deyə nazir Facebook səhifəsində yazıb.
Onun sözlərinə görə, bu layihələr üzrə 1100-dən çox yeni iş yerinin yaradılması nəzərdə tutulur.
2021-ci il mayın 28-də Azərbaycan Prezidenti İlham Əliyev “Ağdam Sənaye Parkının yaradılması haqqında” Fərman imzalayıb. Parka 190 hektar ərazi ayrılıb. Sənaye Parkında tikinti materiallarının istehsalı müəssisələrinin yaradılması, kənd təsərrüfatı məhsullarının qablaşdırılmasının, meyvə-tərəvəz konservlərinin, ət və süd məhsullarının, şərab, yem, gübrə istehsalı və emalının, eyni zamanda, xidmət sahələrinin, soyuducu kameraların təşkili də planlaşdırılır.*
X.Nəsirzadə