Rəsmi Bakı İrəvanla sülh sazişinin imzalanması prosesi üzrə danışıqlara başlamağa hazırdır. Bu barədə Azərbaycan Respublikası Prezidentinin köməkçisi–Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev bəyan edib.
“Azərbaycan Ermənistanla sülh sazişinin imzalanması prosesi üzrə danışıqlara başlamağa hazırdır. Azərbaycan və Ermənistan arasında yekun sülhün olması Ermənistanın maraqlarına uyğun olan məsələdir. Azərbaycan öz tərəfindən regionda sülhün, sabitliyin möhkəmləndirilməsi istiqamətində səylərini bundan sonra da davam etdirəcək”, - Hacıyev bu gün jurnalistlərə deyib.
O, həmçinin qeyd edib ki, Bakı RF, Azərbaycan və Ermənistan liderlərinin Soçi görüşünün (26 noyabr - İF) nəticələrini müsbət qiymətləndirir.
“Azərbaycan Soçi görüşünün nəticələrini müsbət qiymətləndirir. Yekun bəyanatda əks olunmuş fikirlər, həmçinin, aparılmış müzakirələrin nəticələri də göstərir ki, qarşımıza qoyduğumuz hədəflərin həyata keçirilməsi istiqamətində müsbət dinamika var. Eyni zamanda, Ermənistan regionda dəyişmiş geosiyasi reallığı tam şəkildə dərk etməlidir”, - Hacıyev vurğulayıb. **
X.Nəsirzadə