Milli Məclisin bu gün keçirilən plenar iclasında “Dövlət Sosial Müdafiə Fondunun (DSMF) 2022-ci il büdcəsi haqqında” qanun layihəsi üçüncü oxunuşda qəbul edilib.
“İnterfaks-Azərbaycan” agentliyinin verdiyi məlumata görə, DSMF-nin 2022-ci il üçün kəsirsiz büdcəsinin gəlir və xərcləri 5 milyard 306 milyon 770,072 min manat məbləğində təsdiq edilib ki, bu da 2021-ci ilin göstəricisindən 3,1% çoxdur.
2022-ci ildə fondun gəlirlərinin strukturunda fonda məcburi dövlət sosial sığorta üzrə ayırmalar 4 milyard 148 milyon 202,903 min manat (artım 18,4%) və ya bütün gəlirlərin 78,2%-i səviyyəsində proqnozlaşdırılır. Bunun 1 milyard 709 milyon 430,203 min manatı (2021-ci illə müqayisədə artım 4,8%) dövlət büdcəsindən transfertlərin hesabına formalaşacaq. Büdcə təşkilatlarında çalışan işçilərin icbari sığortası üzrə daxilolmalar 205 milyon 131,624 min manat məbləğində proqnozlaşdırılır. Qeyri-büdcə sektoru və sahibkarlıq fəaliyyəti ilə məşğul olan fiziki şəxslər üzrə gəlirlər 2 milyard 438 milyon 772,7 min manat məbləğində gözlənilir. Qalan daxilolmalar sair gəlirlər üzrə nəzərdə tutulur.
Gələn il xərclərin strukturunda əhaliyə ödənişlər üzrə 5 milyard 133 milyon manat məbləğində vəsaitin yönəldilməsi planlaşdırılır. O cümlədən, əmək pensiyalarının ödənilməsinə 4 milyard 951 milyon manat, müavinətlərin ödənilməsinə 182 milyon manat yönəldiləcək. Pensiya və müavinətlər üzrə bank əməliyyatlarının aparılması xərcləri 48,7 milyon manat, fondun aparatının saxlanılması xərcləri 102,905 min manat məbləğində proqnozlaşdırılır.*
X.Nəsirzadə