Milli Məclisin bu gün keçirilən plenar iclasında 2022-ci il dövlət büdcəsinin layihəsi III oxunuşda qəbul edilib.
“İnterfaks-Azərbaycan” agentliyinin müxbirinin verdiyi məlumata görə, sənədə əsasən, 2022-ci il dövlət büdcəsinin gəlirləri 26 milyard 816 milyon manat (2021-ci ilin proqnozu ilə müqayisədə artım 10,2%) məbləğində təsdiq edilib.
2022-ci ildə gəlirlərin 14 milyard 690 milyon manatı və bütün daxilolmaların 54,8%-i neft sektorunun, 12 milyard 126 milyon manatı və ya gəlirlərin 45,2%-i qeyri-neft sektorunun payına düşəcək.
Gəlirlərin strukturunda 12 milyard 710 milyon manat Dövlət Neft Fondundan dövlət büdcəsinə transfertlərin payına düşüb. Dövlət büdcəsinin ümumi gəlirlərinin strukturunda belə transfertlərin xüsusi çəkisi 47,4% təşkil edir.
Dövlət Vergi Xidmətinin xətti ilə daxilolmalar 8 milyard 820 milyon manat, Dövlət Gömrük Komitəsinin xətti ilə daxilolmalar 4 milyard 260 milyon manat məbləğində nəzərdə tutulub.
2022-ci il dövlət büdcəsinin xərcləri 29 milyard 879 milyon manat məbləğində (2021-ci ilin proqnozuna nisbətən artım 4,7%) təsdiq edilib.
Gələn il üçün xərclərin strukturunda ümumi dövlət xidmətləri ilə bağlı xərclərə 4 milyard 262,9 milyon manat, dövlət borcuna xidmətlə bağlı xərclərə 1 milyard 792 milyon manat, müdafiə xərclərinə 4 milyard 489,9 milyon manat, təhsil xərclərinə 3 milyard 884,3 milyon manat, səhiyyə xərclərinə 1 milyard 788,6 milyon manat, sosial müdafiə və sosial təminat xərclərinə 3,5 milyard manata yaxın vəsait yönəldiləcək.
2022-ci ildə dövlət əsaslı vəsait qoyuluşu 2 milyard 789,8 milyon manat (2021-ci ilin proqnozuna nisbətən azalma 1,6%), işğaldan azad edilmiş ərazilərin yenidən qurulması və bərpası xərcləri 2,2 milyard manat (2021-ci il səviyyəsində saxlanılıb) məbləğində nəzərdə tutulub.
2022-ci ildə sosial xərclər 1 milyard 649 milyon manat - 13 milyard 850 milyon manata qədər (dövlət büdcəsi xərclərinin 46,4%-i) artacaq.
2022-ci il üçün dövlət büdcəsinin kəsiri 3 milyard 63 milyon manat və ya gələn il üçün ÜDM-in 3,5%-i səviyyəsində proqnozlaşdırılır.
İqtisadiyyat Nazirliyinin qiymətləndirmələrinə görə, 2022-ci ildə Azərbaycanda ÜDM-in artımı 3,9%, inflyasiya 4% təşkil edəcək.
Azərbaycanın 2022-ci il dövlət büdcəsində neftin bir barelinin orta qiyməti 50 ABŞ dollarına bərabər götürülüb.
2021-ci il dövlət büdcəsinin gəlirləri üzrə proqnoz 25 milyard 427 milyon manat, xərcləri üzrə proqnoz 28 milyard 543 milyon manat, kəsiri 3 milyard 116 milyon manat təşkil edir.*
X.Nəsirzadə