Şərqi Zəngəzur iqtisadi rayonunda, Cəbrayıl rayonu ərazisində yaradılan “Araz Vadisi İqtisadi Zonası” Sənaye Parkının ərazisinin 35%-i minalardan təmizlənib. Bu barədə iqtisadiyyat naziri Mikayıl Cabbarov məlumat verib.
““Araz Vadisi İqtisadi Zonası” Sənaye Parkının 200 hektarlıq ərazisinin artıq 70 hektarı minalardan təmizlənib. Bu günlərdə Sənaye Parkının sosial zonasının təşkili üçün konteynerlərin quraşdırılmasına başlanacaq”, - deyə nazir Facebook səhifəsində yazıb.
Prezident İlham Əliyev 2021-ci il oktyabrın 4-də “Araz Vadisi İqtisadi Zonası” Sənaye Parkının yaradılması haqqında” Fərman imzalayıb. Sənaye parkı 200 hektar ərazini əhatə edəcək. “Araz Vadisi İqtisadi Zonası” Sənaye Parkı sahibkarlıq fəaliyyətinin həyata keçirilməsi üçün zəruri infrastrukturu və idarəetmə qurumları olan, logistika işinin təşkili, müasir texnologiyaların tətbiqi yolu ilə sənaye sahəsində rəqabətqabiliyyətli məhsul istehsalı, emalı (təkrar emalı) və satışı, habelə xidmətlər göstərilməsi üçün istifadə edilən, sahibkarların səmərəli çalışmasına və inkişafına kömək edən ərazidir.*
B.Rüstəmbəyov