2021-ci ilin döyüş hazırlığı planına uyğun olaraq Raket və Artilleriya Qoşunlarının bölmələrində döyüş atışlı taktiki təlimlər keçirilib. Bu barədə Müdafiə Nazirliyindən məlumat verilib.
“Təlimlərdə digər qoşun növləri ilə qarşılıqlı əlaqədə atəşi idarəetmə və digər suallar məşq etdirilərək komandir heyətinin çevik qərarqəbuletmə qabiliyyəti, o cümlədən hərbi qulluqçuların bilik və bacarıqları təkmilləşdirilib”, - deyə məlumatda bildirilir.
Şəxsi heyətin səhra vərdişlərinin və praktiki bacarıqlarının artırılması məqsədilə keçirilən təlimlərdə artilleriya bölmələri cəmləşmə rayonlarına çıxarılaraq təyin olunmuş yerlərdə atəş mövqelərini tutublar.
“Bölmələr şərti düşmən hədəflərini sərrast atəş zərbələrilə məhv edərək qarşıya qoyulan tapşırıqları müvəffəqiyyətlə yerinə yetiriblər”, - deyə məlumatda qeyd olunur.*
E.Şəfiyev