Azərbaycan gömrükçüləri İrandan külli miqdarda heroin qaçaqmalçılığının qarşısını alıblar. Bu barədə Dövlət Gömrük Komitəsinin məlumatında deyilir.
Cənub Ərazi Baş Gömrük İdarəsi Əməliyyat və Təhqiqat İdarəsinə İran İslam Respublikasından Qazaxıstan Respublikasına “DAF” markalı yük avtomobilində külli miqdarda narkotik vasitələrin gömrük nəzarətindən gizlədilərək aparılacağı barədə əməliyyat məlumatı daxil olub. Məlumat əsasında Cənub Ərazi Baş Gömrük İdarəsinin Astara gömrük postunda həmin nəqliyyat vasitəsi saxlanılıb.
“Nəqliyyat vasitəsində əsaslı yoxlama aparan gömrük əməkdaşları kabinin içərisindəki üzlüyün altında yerləşdirilərək gömrük nəzarətindən gizlədilən 171 ədəd düzbucaqlı formalı bağlamalar aşkar edib. Baxış zamanı bağlamalarda ümumi çəkisi 137 kq 339 qram narkotik vasitə - heroin olduğu müəyyən edilib. Aşkar edilən narkotik vasitənin Avropanın qara bazarında dəyəri təqribən 16 milyon manatdan artıqdır (cari məzənnə ilə $9,4 milyondan çox)”, - deyə məlumatda qeyd olunur.*
X.Nəsirzadə