Prezident İlham Əliyev “Azərbaycan Sənaye Korporasiyası” (ASK) ASC-nin Müşahidə Şurasının yeni tərkibini təsdiq edib.
Müvafiq sərəncam bu gün dövlət başçısının rəsmi saytında dərc olunub.
Sərəncama əsasən, Müşahidə Şurası sədr və 5 üzvdən ibarətdir.
Müşahidə Şurasının sədri Azərbaycan Respublikası Prezidentinin köməkçisi, Azərbaycan Respublikası Prezidentinin Administrasiyasının İqtisadi siyasət və sənaye məsələləri şöbəsinin müdiri Natiq Əmirov təyin edilib.
Müşahidə Şurasının üzvləri kənd təsərrüfatı naziri İnam Kərimov, iqtisadiyyat naziri Mikayıl Cabbarov, maliyyə naziri Samir Şərifov, Azərbaycan Respublikasının Birinci vitse-prezidentinin köməkçisi Xalid Əhədov və Azərbaycan Respublikası Mərkəzi Bankının sədri Elman Rüstəmovdur.
Prezident İlham Əliyev 6 noyabr 2017-ci il tarixində “Azərbaycan Sənaye Korporasiyası” ASC-nin yaradılması haqqında fərman imzalayıb. “Azərbaycan Sənaye Korporasiyası” dövlət əmlakının idarə edilməsinin səmərəliliyini artırmaq, korporativ idarəetmə prinsiplərinə əsaslanan hesabatlılıq və nəzarət sistemini formalaşdırmaq, dövlətə məxsus müəssisələr arasında əlverişli kooperasiya əlaqələrinin yaradılmasına və istehsal potensialının dəyər zəncirinin həlqələri üzrə artırılmasına nail olmaq məqsədilə yaradılıb. Cəmiyyətin nizamnamə kapitalı 500 milyon manat təşkil edir.*
A.Salayeva