Cari ilin yanvar-noyabr aylarında İpoteka və Kredit Zəmanət Fondunun (İKZF) xətti ilə müvəkkil banklar tərəfindən 325 milyon manat məbləğində ipoteka krediti verilib, bu da 2020-ci ilin 11 ayının göstəricisindən 44% çoxdur. Bu barədə “İnterfaks-Azərbaycan” agentliyinə Fonddan məlumat verilib.
Məlumata görə, hesabat dövründə o cümlədən, güzəştli ipoteka daxil olmaqla, verilən kreditlərin sayı 4,88 min təşkil edib.
Ümumilikdə, 2006-cı ildən bu günədək Fondun vəsaiti hesabına verilmiş ipoteka kreditlərinin ümumi məbləği 1 milyard 969 milyon manat təşkil edib, bu kreditlər hesabına öz yaşayış şəraitini yaxşılaşdırmış ailələrin sayı isə 36 mini ötüb.
Verilmiş kreditlərin təxminən 34%-i güzəştli kateqoriyalara aid şəxslərə, 69%-i isə gənclərə və gənc ailələrə verilib. Regionda verilən kreditlərin payı 22% təşkil edib.
Vurğulanıb ki, 2021-ci ildə 1,063 min güzəştli mənzilin alınması üçün 44,6 milyon manat məbləğində güzəştli ipoteka krediti verilib.Ümumilikdə 2018-ci ildən etibarən güzəştli mənzillərin maliyyələşdirilməsi üçün 2725 şəxsə 118,1 milyon manat həcmində güzəştli ipoteka krediti verilib.
İKZF Azərbaycanda ipoteka kreditlərinə yüksək tələbin olduğunu qeyd edir. Xüsusilə, 11 ay ərzində ipoteka kreditləri üzrə ödənişqabiliyyətli tələb 1,1 mlrd.manatdan çox olub. İpoteka kreditlərinə formalaşmış tələbin qarşılanması məqsədilə Fond tərəfindən müvafiq resurslar çərçivəsində mümkün tədbirlər həyata keçirilir. Hazırda kredit portfelində problemli kreditlər yoxdur”, - İKZF-dən vurğulanıb. **
X.Nəsirzadə