Azərbaycanda bələdçilərin və ekskursiya rəhbərlərinin sertifikatlaşdırılması orqanı yaradılıb. Bunu bu gün jurnalistlərə açıqlamasında “Azərbaycan Turizm Bələdçiləri Assosiasiyası” İctimai Birliyinin sədri Tural Musayev deyib.
“Qurum Turizm Bürosunun nəzdində yaradılıb. Bu orqan bələdçi və ekskursiya rəhbərlərinə turizm fəaliyyəti üçün sertifikatlar vermək hüququna malikdir. Bu, bələdçilərin turizm obyektlərinin ərazisinə problem olmadan daxil olmasına imkan verəcək”, - deyə T.Musayev bildirib.
Bununla yanaşı, o vurğulayıb ki, Azərbaycanda 300-ə yaxın bələdçi və ekskursiya rəhbəri var ki, onların da 67-si keçmiş Mədəniyyət və Turizm Nazirliyinin fəaliyyəti dövründə sertifikat alıb.
“Biz onların lisenziyalarını yeniləmişik. Qalan bələdçilər və ekskursiya rəhbərləri üçün imtahan elan ediləcək. Sertifikatlar üç il müddətinə nəzərdə tutulacaq”, - deyə T.Musayev qeyd edib.
Assosiasiya rəhbərinin sözlərinə görə, yeni bələdçilər və ekskursiya rəhbərləri üçün Avropa standartlarına uyğun kurslar təşkil olunacaq və sonda onlara sertifikatlar veriləcək.*
X.Nəsirzadə