Bakı Beynəlxalq Dəniz Ticarət Limanının böyük potensialı var və Zəngəzur dəhlizinin açılması ilə yükdaşımaların artması gözlənilir. Bunu “Bakı Beynəlxalq Dəniz Ticarət Limanı” QSC-nin direktoru Taleh Ziyadov deyib.
O, bu gün jurnalistlərə bildirib ki, Zəngəzur dəhlizi sovet dövründə ən önəmli dəhlizlərdən biri olub.
“Azərbaycanın Culfadan İrana gedən dəmir yolu vasitəsilə 3 milyon ton yük dövriyyəsi olurdu. Birinci Qarabağ müharibəsindən sonra bu dəhlizdə yükdaşıma tamamilə yox oldu. İkinci Qarabağ müharibəsindən sonrakı zəfərlə yeni perspektivlər həm Azərbaycan, həm də region üçün açılmaqdadır”, - deyə o bildirib.
Ziyadov qeyd edib ki, Zəngəzur dəhlizinin liman üçün də böyük əhəmiyyəti var: “Limandan dəmir yolu vasitəsilə Türkiyəyə və Aralıq dənizinə çıxış daha qısadır. Həm Türkiyənin, həm Avropanın Orta Asiya ilə çox ciddi ticarəti var. Bu ticarət dövriyyəsi daim artır. Bu dövriyyənin Bakı Limanı vasitəsilə artacağını ehtimal edirik, buna hazırlıq görürük”.
Onun sözlərinə görə, qonşu limanlarla, xüsusilə Qazaxıstan, Türkmənistan limanları ilə yaxın əlaqələrin yaradılmasının, işlərin harmonizasiyası və yaxından əlaqələndirilməsinin regionumuzun ticarətinə çox böyük əhəmiyyəti var.*
B.Rüstəmbəyov