Azərbaycan sərhədçiləri bu gün İran-Azərbaycan sərhədini qanunsuz olaraq keçmə cəhdinin qarşısını alıblar, qaçaqmalçılarla atışma baş verib. Bu barədə Dövlət Sərhəd Xidməti məlumat yayıb.
“2021-ci ilin 07 dekabr tarixində saat 16:00 radələrində Dövlət Sərhəd Xidmətinin Sərhəd Qoşunlarının “Göytəpə” sərhəd dəstəsinin Yardımlı rayonunun Daşkənd kəndi yaxınlığındakı sərhəd zastavasının xidməti ərazisində sərhəd naryadı tərəfindən 2 nəfər naməlum şəxsin dövlət sərhədini pozaraq ölkə ərazisinə gəlməyə cəhd etmələri aşkar olunub. Sərhəd zastavası “Silaha” komandası üzrə qaldırılıb, sərhəd naryadı tərəfindən “Dayan” əmri verilərək sərhəd pozucuları təqib edilib və havaya xəbərdarlıq atəşi açılıb. Lakin sərhəd pozucuları əmrə tabe olmayıb, sərhəd naryadına qarşı odlu silahdan atəş açıb, əllərindəki 2 ədəd bağlamanı ataraq hadisə yerindən geriyə qaçmağa cəhd göstəriblər. “Azərbaycan Respublikasının dövlət sərhədi haqqında” Azərbaycan Respublikası Qanununun tələblərinə uyğun olaraq sərhəd naryadı tərəfindən sərhəd pozucularına qarşı silah tətbiq olunub və onlardan biri zərərsizləşdirilib”, - deyə məlumatda bildirilir.
Hadisə yerində aşkarlanmış 2 ədəd bağlamada 4270 ədəd siqaret qutusunun olması müəyyən edilib.
Faktla bağlı zəruri istintaq-əməliyyat tədbirləri həyata keçirilir.*
E.Şəfiyev