Dekabrın 7-də Beynəlxalq Ədalət Məhkəməsi Ermənistanın, o cümlədən Ermənistan ərazisində fəaliyyət göstərən və azərbaycanlıları hədəf alan fərdlər və təşkilatlar tərəfindən irqi nifrətin təşviqini qadağan edən müvəqqəti tədbirlərə dair Azərbaycanın vəsatətini təmin edib. Məhkəmə əsaslı olaraq Ermənistan tərəfinə azərbaycanlıların insan hüquqlarının pozulmasının qarşısını almaq üçün təcili tədbirlər görməyi tapşırıb.
“Azərbaycan Beynəlxalq Ədalət Məhkəməsinin Ermənistana qarşı verdiyi bu qərarını alqışlayır və Ermənistanı Məhkəmənin qərarını dərhal yerinə yetirməyə çağırır”, - deyə Xarici İşlər Nazirliyinin Mətbuat xidməti idarəsinin məlumatında bildirilir.
Vurğulanır ki, Ermənistan tərəfindən qaldırılan saxlanılan erməni əsilli şəxslərin dərhal azadlığa buraxılmasına, habelə Bakıdakı Qənimətlər Parkının dərhal bağlanmasına dair vəsatətlər Məhkəmə tərəfindən rədd edilib.
Azərbaycan Məhkəmənin irqi ayrı-seçkiliyin qarşısının alınması ilə bağlı qeyd etdiyi tədbirlərə əməl edəcək. Azərbaycan beynəlxalq konvensiyalarla üzərinə götürdüyü öhdəliklərə sadiqdir.
“Azərbaycan beynəlxalq hüquq çərçivəsində bütün vətəndaşlarının hüquqlarını qorumağa və Ermənistanın beynəlxalq hüquq pozuntularına görə cavabdehlik daşımasını tələb etməyə davam edəcək”, - deyə məlumatda qeyd olunur.*
X.Nəsirzadə