“Azərbaycan İnvestisiya Şirkəti” ASC (AİŞ) Ağdam rayonunda yerləşən Şahbulaq əhəngdaşı yatağının istismar edilərək mişar daşı istehsalı layihəsinə investisiya qoyuluşu məqsədilə investor seçiminə dair müsabiqə elan edib.
Müsabiqənin şərtlərinə əsasən, iddiaçılar lazımi maliyyə və texniki imkanlarına malik olmalıdırlar.
Bundan başqa, iddiaçılar son 3 ildə biznes dövriyyəsinin ardıcıl olaraq 1 milyon manatdan çox olmaqla maliyyə vəziyyəti haqqında bank arayışı və maliyyə hesabatları, vergilərə və digər icbari ödənişlərə dair vaxtı keçmiş öhdəliklərin olmaması haqqında müvafiq vergi orqanından arayış təqdim etməlidirlər.
O cümlədən, iddiaçılar müvafiq layihələrdə iştirakına dair təcrübəsini təsdiqləyən məlumatlar (o cümlədən faydalı qazıntı yataqlarının istismarında) təqdim etməlidirlər, həmçinin iddiaçının biznes idarəçiliyi, komandası olmalıdır.
AİŞ qeyd edir ki, seçilmiş investorla birlikdə yaradılacaq hüquqi şəxsin səhm kapitalında AİŞ-in iştirak payı maksimum 30%-dir. Eyni zamanda, layihənin icrasına başlandıqdan 5-7 il sonra AİŞ-in payı əsas səhmdarlar tərəfindən satın alınmalıdır.
Seçimdə iştirak üçün sənədlər 20 dekabr 2021-ci ilədək qəbul olunur. Əlaqə telefonu: +994 12 488 80 10. **
B.Rüstəmbəyov