Ötən həftə İrəvanın Bakıya təqdim etdiyi Azərbaycanın işğaldan azad olunan ərazilərinin mina sahələrinin formulyarları ilkin qiymətləndirmələri görə, qeyri-dəqiqdir. Bu barədə Azərbaycan Respublikasının Minatəmizləmə Agentliyinin (ANAMA) idarə heyətinin sədri Vüqar Süleymanov bəyan edib.
“Bildirmək istərdim ki, təqdim edilmiş formulyarlarla ilkin tanışlıq onların etibarsız, yararsız və qeyri-dəqiq olması təəssüratını yaradır. Təqdim olunan formulyarlar hərtərəfli təhlil olunduqdan sonra onların nə dərəcədə dəqiqliyi və hansı əraziləri əhatə etdiyi barədə ictimaiyyətə əlavə məlumat veriləcək”, - Süleymanovun “İnterfaks-Azərbaycan”a daxil olan bəyanatında deyilir.
O qeyd edib ki, ANAMA və Azərbaycan Müdafiə Nazirliyi tərəfindən formulyarlar üzərində təhlil və emal işlərinə artıq başlanılıb.
“Formulyarların təhlil edilməsindən sonra məlumatlar xəritələr üzərinə köçürülərək, müvafiq ərazidə uyğunluğu yoxlanılacaq”, - Süleymanov deyib.
Həmçinin, ANAMA-nın sədri xatırladıb ki, əvvəl Ermənistan tərəfindən Azərbaycana təqdim olunan mina xəritələrinin dəqiqliyi yüksək olmayıb. “Ermənistan tərəfindən Ağdam, Füzuli və Zəngilan rayonları ilə bağlı daha əvvəl verilmiş mina sahələri üzrə məlumatlarının dəqiqliyi 25% təşkil edir”, - o vurğulayıb.
Xəbər verildiyi kimi, dekabrın 4-də Azərbaycan 10 nəfər erməni əsilli hərbi qulluqçunu Ermənistan tərəfinə təhvil verib.Bunun əvəzində İrəvan Azərbaycanın işğaldan azad olunan digər ərazilərinin mina sahələrinin formulyarlarını Bakıya təqdim edib.
2020-ci ilin sentyabr-dekabr aylarında Azərbaycanın erməni işğalından azad edilmiş minalanmış əraziləri əsas problemlərdən biridir. 10 noyabr 2020-ci ildən etibarən, Azərbaycan ərazilərinin Ermənistan tərəfindən işğalı dövründə yerləşdirən minalara düşərək Azərbaycanın təxminən 180 hərbi qulluqçusu və mülki şəxs xəsarət alıb və həlak olub. **
E.Şəfiyev