“Azərbaycan Hava Yolları” QSC Bakı-Dubay marşrutu ilə aviareyslərin sayını gündə iki dəfəyədək artırmağı planlaşdırır. Bu barədə aviaşirkətdən məlumat verilir.
AZAL-ın marketinq, kommersiya və istehsalat departamentinin rəis müavini Fatimə Hacızadənin sözlərinə görə, hazırda Bakı ilə Dubay arasında gündəlik olaraq xüsusi reyslər həyata keçirilir. “Yaxın vaxtlarda iki şəhər arasında uçuşların sayının gündə iki dəfəyə qədər artırılması nəzərdə tutulur”, - o qeyd edib.
Aviaşirkət daha rahat uçuşlar, eləcə də turizm bazarında bir çox təkliflər təqdim etmək üçün bu marşruta geniş füzelyajlı təyyarələri qaytarmaq niyyətindədir.
Dubay “Azərbaycan Hava Yolları” aviaşirkətinin marşrut şəbəkəsində ən populyar istiqamətlərdən biridir. Hər il Azərbaycandan minlərlə turist BƏƏ-nin ən böyük şəhərinə səyahət edir. Hazırda burada 192 ölkədən stendlərin təqdim olunduğu “EXPO-2020” dünya sərgisi keçirilir.
Körfəz ölkələrindən gələn turistlərin də Azərbaycana böyük marağı var, onların bir çoxu Dubayın beynəlxalq hava limanları vasitəsilə tranzitlə Bakıya səyahət edir. **
R.Əhmədov