2021-ci ilin yanvar-sentyabr aylarında Azərbaycanın tədiyə balansının cari əməliyyatlar hesabının profisiti $3 milyard 939,1 milyon və ya ÜDM-in 10,7%-ni təşkil edib. Bu barədə “İnterfaks-Azərbaycan” agentliyinə Mərkəzi Bankdan məlumat verilib.
Xəbər verildiyi kimi, 2020-ci ilin yanvar-sentyabr aylarında Azərbaycanın tədiyə balansının cari əməliyyatlar hesabının kəsiri $208,3 milyon təşkil edib.
Mərkəzi Bankın saytında dərc olunmuş tədiyə balansına əsasən, cari ilin 9 ayı ərzində neft-qaz sektoru üzrə profisit $8,2 milyard (artım 2 dəfə), qeyri-neft sektoru üzrə kəsir $4,3 milyard (artım 1,5%) təşkil edib.
2021-ci ilin yanvar-sentyabr aylarında bir barel neftin orta qiyməti $61,9 (bir il əvvəl $41,6) təşkil edib.
2021-ci ilin yanvar-sentyabr aylarında xarici ticarət dövriyyəsinin həcmi $21,4 milyard təşkil edib və Azərbaycan xarici ticarətdə $6,4 milyard (artım 2,7 dəfə) məbləğində profisitə malik olub. Xarici ticarət dövriyyəsinin 14%-i MDB, 86%-i uzaq xarici ölkələrin payına düşüb.
$13,9 milyard həcmində ixracın (artım 42,3%) strukturunda neft-qaz ixracı $12,2 milyard (artım 43%), neft və neft məhsullarının ixrac həcmi $9,6 milyard, o cümlədən neft ixracı $8,6 milyard təşkil edib.
$7,5 milyard həcmində idxalın (artım 0,9%) strukturunda $3,6 milyard istehlak mallarının, o cümlədən $1,2 milyard ərzaq mallarının payına düşüb. Yanvar-sentyabr aylarında ölkəyə $0,6 milyard dəyərində (bütün idxalın 8,4%-i) avadanlıq və xüsusi mallar idxal edilib.
Daha əvvəl Mərkəzi Bankın İdarə Heyətinin sədri Elman Rüstəmov bildirmişdi ki, 2021-ci ildə Azərbaycanın tədiyə balansının cari əməliyyatlar hesabının profisiti neftin bir barelinin orta qiyməti $65 fərz edilməklə $3 milyardı ötəcək.
2020-ci ildə Azərbaycanın tədiyə balansının cari əməliyyatlar hesabının kəsiri 2019-cu ildə qeydə alınmış $4 milyard 364,9 milyon məbləğində profisitə qarşı $227,6 milyon və ya ÜDM-nin 0,5%-ni təşkil edib. Kəsir neftin ucuzlaşması (2020-ci ildə bir barel neftin orta qiyməti bir il əvvələ olan $64-a qarşı $41 təşkil edib) və OPEC+ çərçivəsində ixracın həcminin azalması ilə şərtlənib.*
A.Əzizov