2021-ci ilin yanvar-sentyabr aylarında Azərbaycan iqtisadiyyatına birbaşa xarici investisiyaların həcmi $3 milyard 664,66 milyon təşkil edib. Bu barədə “İnterfaks-Azərbaycan” agentliyinə Mərkəzi Bankdan məlumat verilib.
2020-ci ilin yanvar-sentyabr aylarında Azərbaycan iqtisadiyyatına birbaşa xarici investisiyaların həcmi $3 milyard 390,529 milyon təşkil edib. Beləliklə, 2021-ci ilin 9 ayı ərzində birbaşa xarici investisiyaların həcmi 8,1% artıb.
9 ay üzrə tədiyə balansına əsasən, birbaşa xarici investisiyaların 84,2%-i (2020-ci ilin yanvar-sentyabr aylarında 85,3%-i) neft-qaz sektorunun payına düşüb.
Bu dövrdə qeyri-neft sektoruna birbaşa xarici investisiyaların həcmi $579,3 milyon (artım 16,5%), xüsusi çəkisi 15,8% təşkil edib.
AMB-nin məlumatına əsasən, Azərbaycan iqtisadiyyatına birbaşa xarici investisiyaların həcminə görə lider ölkələrin beşliyinə Böyük Britaniya ($1 milyard 234,7 milyon, azalma 0,9%), Türkiyə ($530 milyon, artım 28,3%), ABŞ ($411 milyon, artım 8,3%), Malayziya ($324,8 milyon, artım 54,4%) və Kipr ($231,3 milyon, artım 46,8%) daxildir.
Bundan başqa, Azərbaycana birbaşa investisiyaların həcminə görə ölkələrin TOP-10-na Yaponiya ($215,8 milyon), İran ($209,4 milyon), Norveç ($121,7 milyon), Gürcüstan ($74,3 milyon) və BƏƏ də ($48,2 milyon) daxildir.
9 ay ərzində RF-dən Azərbaycan iqtisadiyyatına birbaşa xarici investisiyaların həcmi $35,9 milyon (azalma 4,1 dəfə) təşkil edib.
2020-ci ildə Azərbaycan iqtisadiyyatına birbaşa xarici investisiyaların həcmi 2019-cu illə müqayisədə 6% artaraq $4 milyard 527,7 milyon təşkil edib.*
A.Əzizov