2021-ci ilin yanvar-sentyabr aylarında fiziki şəxslər tərəfindən Azərbaycana pul köçürmələri $772,47 milyon təşkil edib ki, bu da ötən ilin 9 ayının göstəricisindən 13,3% çoxdur. Bu barədə “İnterfaks-Azərbaycan” agentliyinə Mərkəzi Bankdan məlumat verilib.
Hesabat dövründə köçürmələrin böyük hissəsi - $409,353 milyon (artım 16,1%) və ya fiziki şəxslərin bütün köçürmələrinin 53%-i (2020-ci ilin yanvar-sentyabr aylarında xüsusi çəki 51,7%) Rusiyadan həyata keçirilib.
Fiziki şəxslər tərəfindən Azərbaycana pul köçürmələrinin həyata keçirildiyi ölkələrin beşliyinə Türkiyə ($79,51 milyon, artım 42,8%), ABŞ ($46,932 milyon, artım 15,3%), Böyük Britaniya ($25,67 milyon, artım 36%) və Qazaxıstan da ($23,413 milyon, artım 2,7%) daxildir.
AMB-nin məlumatına görə, hesabat dövründə Azərbaycandan xaricə pul köçürmələrinin həcmi 5% artaraq $402,292 milyona çatıb.
Fiziki şəxslərin Azərbaycandan pul köçürmələri həyata keçirdiyi ölkələr arasında birinci yeri Türkiyə ($107,624 milyon, artım 25,6%) tutur. 2021-ci ilin yanvar-sentyabr aylarında Azərbaycandan bütün köçürmələrin 26,8%-i (2020-ci ilin 9 ayı ərzində 22,4%) Türkiyənin payına düşüb.
Hesabat dövründə Azərbaycandan Rusiyaya pul köçürmələri $85,462 milyon (artım 10,7%), xüsusi çəki 21,2% (bir il əvvəl 20,1%) təşkil edib.
Azərbaycanda fiziki şəxslərin pul köçürmələri həyata keçirdiyi ölkələrin TOP-5-nə Gürcüstan ($61,057 milyon, artım 43,5%), ABŞ ($30,182 milyon, azalma 24,8%) və Ukrayna da ($18,293 milyon, artım 9,3%) daxildir.
2020-ci ildə Azərbaycana pul köçürmələrinin həcmi $1 milyard 94,029 milyon (2019-cu illə müqayisədə artım 17,1%, Azərbaycandan köçürmələrin həcmi $556,545 milyon (2019-cu illə müqayisədə artım 29,1%) təşkil edib.*
A.Əzizov