Belarusun baş naziri Roman Qolovçenko Azərbaycanın Minskdəki səfiri Ülvi Baxşəliyevlə iki ölkə arasında tikinti, şəhər planlaşdırması, sənaye kooperasiyası və kənd təsərrüfatı sahələrində əməkdaşlığı müzakirə edib.
BELTA agentliyinin məlumatına görə, Qolovçenko xatırladıb ki, bu ilin 10 ayı ərzində iki ölkə arasında ticarət dövriyyəsi 20% artıb.
“Belarus və Azərbaycan istehsal kooperasiyası sahəsində layihələr həyata keçirirlər. Belarus traktorlarının Azərbaycana maşın dəstləri tədarükü artmaqdadır. Biz həmçinin tikinti və şəhər planlaşdırması da daxil olmaqla bir sıra sahələr üzərində işləyirik. Azərbaycanda şəhərlərin inkişafı planlarını hazırlamaq üçün layihə institutlarımız arasında müqavilə sənədləri var. Ümid edirəm ki, Hökumətlərarası Komissiyanın növbəti iclası çox yaxın vaxtlarda keçiriləcək. Biz Belarus müəssisələrinin Azərbaycan infrastrukturunun bərpasında iştirakını aktivləşdirməliyik”, - deyə R.Qolovçenko qeyd edib.
Baş nazir bildirib ki, Azərbaycan şirkətlərinin Belarusa meyvə və tərəvəz tədarükünü artırması üçün yaxşı potensial var. “Xüsusilə Belarusa sanksiyalar tətbiq edən ölkələrdən bir sıra ərzaq məhsullarının idxalına qadağamız fonunda Azərbaycan tərəfinin Belarusa meyvə və tərəvəz tədarükünü artırması üçün yaxşı potensial var”, - deyə o əlavə edib.
R.Qolovçenko qeyd edib ki, Belarus və Belarus xalqı həm beynəlxalq aləmdə, həm də ikitərəfli münasibətlərdə həmişə hiss etdiyimiz dəstəyinə görə Azərbaycana minnətdardır.*
E.Şəfiyev