İki Azərbaycan vətəndaşı Şuşa şəhərinin Daşaltı kəndi yaxınlığında minaya düşərək həlak olub. Bu barədə Azərbaycan Minatəmizləmə Agentliyi (ANAMA) məlumat yayıb.
“Şuşa şəhərinin Daşaltı kəndindən 1 300 metr məsafədə, minatəmizləmə əməliyyatları icra edilməyən ərazidə iki nəfər - 1999-cu il təvəllüdlü Xanatov Orxan Norim oğlu və 1992-ci il təvəllüdlü Qəndiyev Vüsal Firuddin oğlu mina partlayışından həlak olub. Hadisə 9 dekabr tarixində saat 08:30 radələrində baş verib”, - deyə məlumatda bildirilir.
Piyada əleyhinə minanın altına tank əleyhinə minanın qoyulması daha güclü partlayışa səbəb olub.
ANAMA-dan bildiriblər ki, həlak olan şəxslər Daşaltı kəndində bərpa və quruculuq işləri həyata keçirən tikinti şirkətinin əməkdaşları olub.
Agentliyin təmizləmə qrupu tərəfindən hər iki şəxsin cəsədi minalı ərazidən götürülərək aidiyyatı üzrə təhvil verilib.
ANAMA tərəfindən azad edilən ərazilərdə bərpa-quruculuq işləri ilə məşğul olan şəxslərə növbəti dəfə müraciət olunur ki, təhlükəli və şübhəli ərazilərə daxil olmasınlar, rastlaşdıqları naməlum əşyalara toxunmasınlar.
Faktla bağlı Baş Prokurorluğun İstintaq İdarəsində Cinayət Məcəlləsinin 120.2.4-cü (xüsusi amansızlıqla və ya ümumi təhlükəli üsulla adam öldürmə) və digər maddələri ilə cinayət işi başlanıb.*
E.Şəfiyev