Dekabrın 9-da maliyyə naziri Samir Şərifov Bakıda Səudiyyə Ərəbistanı Krallığının Milli Şirkətlərin Təşviqi Proqramının (NCPP) baş direktoru Bədr Əl Bədrinin rəhbərlik etdiyi nümayəndə heyəti ilə görüşüb.
“Görüşdə qeyd olunub ki, Azərbaycan Respublikası hökuməti ilə Səudiyyə Ərəbistanı Krallığı hökuməti arasında iqtisadiyyat, ticarət, investisiya, texnika, mədəniyyət, idman və gənclik sahələrində əməkdaşlıq üzrə Müştərək Komissiyanın 15-16 dekabr tarixlərində Ər-Riyad şəhərində keçiriləcək 6-cı iclası əlaqələrin daha da genişlənməsinə mühüm töhfə verəcək”, - deyə Maliyyə Nazirliyinin məlumatında bildirilir.
Tərəflər Azərbaycan və Səudiyyə Ərəbistanı arasında ticarət əlaqələrinin inkişafı və gücləndirilməsi, ticarət dövriyyəsinin artırılması, energetika, investisiya, turizm, sənaye, kənd təsərrüfatı və digər sahələrdə əməkdaşlıq imkanlarını nəzərdən keçiriblər.
“Görüşdə NCPP-nin Azərbaycanda fəaliyyət imkanları və Müştərək Komissiyanın növbəti iclası ilə bağlı qarşılıqlı maraq doğuran məsələlər ətrafında fikir mübadiləsi aparılıb”, - deyə məlumatda vurğulanır.
Müştərək Komissiyanın sonuncu iclası 2019-cu ilin mart ayında Bakıda keçirilib.*
E.Şəfiyev