ВР şirkəti Xəzər dənizinin Azərbaycan sektorunda yerləşən “Şahdəniz” qaz-kondensat yatağının işlənməsi layihəsindəki iştirak payını artırdığını elan edib.
“Bu, Malayziyanın “Petronas” şirkətinin daha öncə elan olunmuş iştirak payının satışı ilə bağlı BP-nin öz üstünlük hüququndan istifadə etmək haqqında “Şahdəniz” layihəsindəki tərəfdaşları ilə apardığı danışıqlar vasitəsilə qərarlaşdırılıb”, - deyə BP-nin məlumatında bildirilir.
BP “Petronas” şirkətindən 1,16% iştirak payını $168 milyona alıb.
Nəticədə BP-nin “Şahdəniz”dəki ümumi iştirak payı 29,99% təşkil edəcək və BP yatağın operatoru olaraq qalacaq.
“Bu sövdələşmənin 2022-ci ilin yanvar ayının sonunadək başa çatacağı gözlənilir”, - deyə məlumatda vurğulanır.
Bu ilin oktyabr ayının 7-də Rusiyanın “Lukoil” şirkəti “Petronas”ın “Şahdəniz” layihəsindəki 15,5% payının alınması haqqında müqavilənin imzalanması barədə elan edib. Sövdələşmənin dəyəri $2,25 milyard təşkil etməli idi.
“Şahdəniz” yatağının işlənməsi haqqında müqavilə 1996-cı il iyunun 4-də Bakıda imzalanıb və elə həmin il oktyabrın 17-də Milli Məclisdə ratifikasiya edilib. “Şahdəniz” layihəsinin iştirakçıları BP (operator – 28,8%), “Petronas” (15,5%), SOCAR (16,7%), LUKOİL (10%), NICO (10%) və TPAO (19%) şirkətləridir.
Hazırda “Şahdəniz” yatağından qaz hasilatı “Mərhələ-1” çərçivəsində “Alfa” və “Mərhələ-2” çərçivəsində “Bravo” platformalarından həyata keçirilir.
2020-ci ildə “BP-Azerbaijan” şirkəti “Şahdəniz” yatağından 18,1 milyard kubmetr qaz (artım 7,7%) və 3,6 milyon ton və ya 29 milyon barel kondensat (artım 2,8%) hasil edib.
2021-ci ildə yataqdan 21,3 milyard kubmetr qaz və 31,8 milyon barel kondensat hasil olunacağı gözlənilir.*
B.Rüstəmbəyov