Prezident İlham Əliyev dekabrın 9-da “2022-ci ildə növbəti “Yüksəliş” müsabiqəsinin keçirilməsi üçün vəsaitin ayrılması haqqında sərəncam imzalayıb.
Dövlət başçısının saytında dərc olunmuş məlumata görə, 2022-ci ildə növbəti “Yüksəliş” müsabiqəsinin keçirilməsi ilə bağlı cari işlərin görülməsi üçün Azərbaycan Respublikasının 2021-ci il dövlət büdcəsində nəzərdə tutulmuş Azərbaycan Respublikası Prezidentinin ehtiyat fondundan Gənclər və İdman Nazirliyinə 1 milyon manat ayrılır.
Maliyyə Nazirliyinə nəzərdə tutulan maliyyələşməni təmin etmək tapşırılıb.
Azərbaycan Respublikası Prezidentinin Administrasiyasının Humanitar siyasət, diaspor, multikulturalizm və dini məsələlər şöbəsinin müdiri Fərəh Əliyeva Təşkilat Komitəsinin sədri təyin edilib.
Təşkilat Komitəsinin üzvləri Azərbaycan Respublikası Prezidentinin köməkçisi Anar Ələkbərov, gənclər və idman, iqtisadiyyat, təhsil, xarici işlər, əmək və əhalinin sosial müdafiəsi nazirləridir.
Prezident İlham Əliyev 2019-cu il iyulun 26-da intellektual səviyyəsi və idarəçilik keyfiyyətləri yüksək olan perspektiv rəhbər şəxslərin müəyyən edilməsini, dəstəklənməsini və ölkədə kadr ehtiyatı bankının yaradılmasını təmin etmək məqsədilə “Yüksəliş” müsabiqəsinin təsis edilməsi haqqında sərəncam imzalayıb.*
E.Şəfiyev