9 dekabr tarixində xarici işlər naziri Ceyhun Bayramov Almaniya Federativ Respublikasının Azərbaycan Respublikasındakı səfiri Volfqanq Maniqi qəbul edib. Bu barədə Xarici İşlər Nazirliyinin məlumatında deyilir.
Almaniyada yeni hökumətin formalaşdığını və yeni kanslerin seçildiyini qeyd edən səfir Volfqanq Maniq Azərbaycan ilə münasibətlərin möhkəmlənməsinə önəm verildiyini bildirib. İki ölkə arasında, xüsusilə enerji sahəsində münasibətlərin strateji əhəmiyyət kəsb etdiyi vurğulanıb.
“Almaniyada yeni hökumətin alternativ enerjiyə keçməklə bağlı məqsədlərindən bəhs edən səfir, təbii qazın bu xüsusda keçid enerjisi rolunda çıxış etdiyini söyləyib”, - deyə məlumatda bildirilir.
Azərbaycanın Avropa, o cümlədən Almaniyanın enerji sahəsində etibarlı tərəfdaşı olduğunu vurğulayan nazir, yaşıl enerji və iqlim məsələlərinin Azərbaycan hökumətinin gündəliyində duran əsas məsələlərdən olduğunu söyləyib.
Görüşdə tərəflər münaqişə sonrası mərhələdə bölgədə sülh və təhlükəsizliyin təmin olunması, habelə qarşılıqlı maraq doğuran digər məsələlər ətrafında fikir mübadiləsi aparıblar.*
X.Nəsirzadə