2021-ci ilin yanvar-oktyabr aylarında Azərbaycanda 47,9 milyard manatlıq və ya 2020-ci ilin müvafiq dövrü ilə müqayisədə 5,5% çox sənaye məhsulu istehsal edilib. Bu barədə “İnterfaks-Azərbaycan” agentliyinə Dövlət Statistika Komitəsindən məlumat verilib.
Hesabat dövründə sənayenin qeyri neft-qaz sektorunda isə 20,7% artıb.
11 ay ərzində sənaye məhsulunun 63,8%-i mədənçıxarma sektorunda, 30,6%-i emal sektorunda, 4,8%-i elektrik enerjisi, qaz və buxar istehsalı, bölüşdürülməsi və təchizatı sektorunda, 0,8%-i isə su təchizatı, tullantıların təmizlənməsi və emalı sektorunda istehsal olunub.
Emal sektorunda əczaçılıq məhsullarının istehsalı 93,2%, tikinti materiallarının istehsalı 83,7%, maşın və avadanlıqların quraşdırılması və təmiri işləri 64,3%, tütün məmulatlarının istehsalı 53,4%, toxuculuq sənayesi məhsullarının istehsalı 31,4%, dəri və dəri məmulatlarının, ayaqqabıların istehsalı 30,5%, kağız və karton istehsalı 28,4%, kimya sənayesi məhsullarının istehsalı 26,3%, hazır metal məmulatlarının istehsalı 24%, neft məhsulllarının istehsalı 14,6%, metallurgiya sənayesi məhsullarının istehsalı 18,9%, qida məhsullarının istehsalı 11,3%, elektrik avadanlıqlarının istehsalı 8,7%, kompüter, elektron və optik məhsulların istehsalı 11,9%, mebel istehsalı 18,6%, rezin və plastmasdan hazırlanan məmulatların istehsalı 20,3%, içki istehsalı 3,7%, avtomobil, qoşqu və yarımqoşquların istehsalı 1,6%,artıb.
Maşın və avadanlıq istehsalı 11,1%, geyim istehsalı 16,4%, ağacın emalı və ağacdan məmulatların istehsalı 18,9%, poliqrafiya məhsullarının istehsalı 44,1%, sair nəqliyyat vasitələrinin istehsalı 90,2% azalıb.
2021-ci ilin yanvar-noyabr aylarının yekunları üzrə elektrik enerjisi, qaz və buxar istehsalı, bölüşdürülməsi və təchizatı sektorunda istehsalın həcmi 7,2%, su təchizatı, tullantıların təmizlənməsi və emalı sektorunda isə 14,9% artıb.
2020-ci ildə Azərbaycanda sənaye məhsullarının istehsal həcmi COVID-19 infeksiyası ilə əlaqədar məhdudiyyətlərin tətbiq olunması və OPEC+ razılaşması çərçivəsində neft hasilatının azaldılması fonunda 5% azalıb.**
X.Nəsirzadə