SOCAR şirkəti Xəzərin Azərbaycan sektorunda “Şahdəniz” layihəsində Malayziyanın “Petronas” şirkətinin 4,35% payını alır.
“Petronas” “Şahədniz”dəki 15,5%-lik iştirak payını satmaq planları barədə bəyan edib. SOCAR, üstünlük hüququndan istifadə edərək, layihənin tərəfdaşları ilə danışıqlardan sonra “Petronas”ın 4,35% payını almağı qərara alıb”, - SOCAR-ın məlumatında deyilir.
“Petronas”ın payının qalan 11,5%-ni BP və “LUKOİL” şirkətləri satın alacaq.
SOCAR qeyd edir ki, bununla da “Şahdəniz” layihəsində birbaşa iştirak payı 14,35%-dək, dolayı payı – 21,02%-dək artır (layihədə 6,67% payın “Cənub Qaz DəhLİzi” QSC-yə məxsus olması nəzərə alınmaqla, burada SOCAR-ın payı 49%-dir - İF).
“Sazişin 2022-ci ilin yanvar ayının sonunadək bağlanması gözlənilir”, - SOCAR-dan vurğulanır.
“Şahdəniz” layihəsi üzrə tərəfdaş şirkətlərin iştirak paylarındakı dəyişikliklər Cənub Qaz Dəhlizinin seqmentlərindən biri olan Cənubi Qafqaz Boru Kəmərində şirkətlərin səhm paylarının bölgüsünə də aid edilir və müvafiq şirkətlərin kəmər üzrə iştirak paylarında da eyni nisbətdə dəyişikliklər təsbit olunub.
CQBK-nin səhmdarları BP (28,83%), TPAO (19%), SOCAR (10%), “Cənub Qaz Dəhlizi” QSC (6,67%), PETRONAS (15,5%), LUKOİL (10%), NIKO (10%) şirkətlədirir.
Cənubi Qafqaz Boru Kəməri CQD-nin komponentidir. 2019-cu ildən etibarən boru kəmərinin ötürmə qabiliyyəti sutkada 29 milyon kubmetrdir. 2020-ci ildə qaz kəmərinin Avropaya qaz nəqlinə başlanılıb.
Hazırda “Şahdəniz” yatağından qaz hasilatı “Mərhələ-1” çərçivəsində “Alfa” və “Mərhələ-2” çərçivəsində “Bravo” platformalarından həyata keçirilir.
2020-ci ildə “BP-Azerbaijan” şirkəti “Şahdəniz” yatağından 18,1 milyard kubmetr qaz (artım 7,7%) və 3,6 milyon ton və ya 29 milyon barel kondensat (artım 2,8%) hasil edib.
2021-ci ildə yataqdan 21,3 milyard kubmetr qaz və 31,8 milyon barel kondensat hasil olunacağı gözlənilir.**
A.Əzizov