2021-ci ilin yanvar-noyabr aylarında pərakəndə ticarət şəbəkəsində istehlakçılara 38 milyard 327,5 milyon manatlıq istehlak malları satılıb ki, bu da 2020-ci ilin yanvar-noyabr ayları ilə müqayisədə 3% çoxdur. Bu barədə “İnterfaks-Azərbaycan” agentliyinə Dövlət Statistika Komitəsindən məlumat verilib.
2021-ci ilin yanvar-noyabr aylarında pərakəndə ticarət şəbəkəsində istehlakçılara 20 milyard 751,2 milyon manatlıq ərzaq məhsulları, içkilər və tütün məmulatları (artım 2,5%), 17 milyard 576,3 milyon manatlıq qeyri-ərzaq malları (artım 3,6%) satılıb.
Hesabat dövründə alıcıların son istehlak məqsədilə aldıqları mallara xərclədiyi vəsaitin 49,1%-i ərzaq məhsullarının, 5%-i içkilər və tütün məmulatlarının, 15,7%-i toxuculuq məhsulları, geyim və ayaqqabıların, 6%-i avtomobil benzini və dizel yanacağının, 5,3%-i elektrik malları və mebellərin, 2,2%-i əczaçılıq məhsulları və tibbi ləvazimatların, 1%-i kompüterlər, telekommunikasiya avadanlıqları və çap məhsullarının, 15,7%-i isə digər qeyri-ərzaq mallarının alınmasına sərf olunub.
2021-ci ilin yanvar-noyabr aylarında istehlak mallarının dəyər ifadəsində 26,9%-i ticarət müəssisələri, 50,5%-i fərdi sahibkarlar tərəfindən, 22,6%-i isə bazar və yarmarkalarda satılıb. 2020-ci ilin eyni dövrü ilə müqayisədə pərakəndə ticarət dövriyyəsi real ifadədə müəssisələr üzrə 19,3% artıb, fərdi sahibkarlar üzrə 2,7%, bazar və yarmarkalarda 0,4% azalıb.
Hesabat dövründə pərakəndə ticarət şəbəkəsində bir ölkə sakini orta hesabla ayda 188,4 manatlıq ərzaq məhsulları, içkilər və tütün məmulatları, 159,5 manatlıq qeyri-ərzaq malları alıb.
2020-ci ilin yekunları üzrə əhali istehlak mallarının alınması xərclərini 1,3% azaldıb.**
X.Nəsirzadə