Caspian Energy Club beynəlxalq neft-qaz sənayesinin nəhəng və nüfuzlu hadisələrdən biri olan Dünya Neft Konqresində (World Petroleum Congress) növbəti dəfə iştirak edib. 23-cü Dünya Neft Konqresi bu dəfə 2021-ci il dekabrın 5-dən 9-dək haqlı olaraq “dünyanın enerji paytaxtı” hesab olunan Hyustonda (ABŞ) keçirilib. Bu barədə Caspian Energy Club qrupunun sədri və baş icraçı direktoru Telman Əliyev məlumat verib.
23-cü Dünya Neft Konqresinin işində dünyanın 70 ölkəsindən neft-qaz sahələrinin flaqmanlarının, sahə nazirləri və ekspertlərinin də daxil olduqları minlərlə nümayəndə iştirak edib. Caspian Energy Club-un neft-qaz departamentinin nümayəndələri Caspian Energy jurnalının bir neçə buraxılışının təqdimatını keçirib və Dünya Neft Konqresinin plenar sessiyalarının işində fəal iştirak ediblər.
Caspian Energy 23-cü Dünya Neft Konqresinin media partnyoru olub.
Caspian Energy jurnalı dünyanın 50 ölkəsində yayılır. 22 il ərzində jurnalda dünyanın müxtəlif ölkələrinin prezident və baş-nazirlərinin müsahibələri, həmçinin nüfuzlu beynəlxalq təşkilatların, iri transmilli şirkətlərin rəhbərlərinin müsahibələri, dünyanın aparıcı ekspertlərinin icmal və analitik materialları dərc olunur.
Müxtəlif qiymətləndirmələrə görə, Caspian Energy jurnalı Xəzər-Qara dəniz və Baltik regionlarının aparıcı nəşrləri beşliyinə daxil olub, həmin regionlarda fəaliyyətin müəyyən edilməsində əksər sərmayəçilər üçün istiqamətləndirici rol oynayır.
Sıralarında dünyanın 50 ölkəsindən 5 mindən artıq şirkət və təşkilatı birləşdirən Caspian Energy Club 2002-ci ilin iyununda yaradılıb. “Biznes-hökumət” dialoqunun fəal iştirakçısı olan Caspian Energy Club-un əsas məqsədi Azərbaycanda və Caspian Energy Club-un fəaliyyət göstərdiyi digər ölkələrdə investisiya və işgüzar mühitin yaxşılaşdırılmasından, həmçinin B2G, B2B və B2C formatlarında dialoqların stimullaşdırılmasından və onlarda fəal iştirak etməkdən ibarətdir.
Biznes-netvorkinq üçün beynəlxalq platforma olan Caspian Energy Club mütəmadi olaraq müxtəlif tədbirlər təşkil edir. Caspian Energy Club-un mənzil-qərargahı Bakıda yerləşir. Caspian Energy Club-un Gürcüstan və Qazaxıstanda rəsmi nümayəndəlikləri, həmçinin dünyanın müxtəlif ölkələrində səlahiyyətli nümayəndələri var.