Azərbaycan-İsveçrə Hökumətlərarası İqtisadi Komissiyasınınnövbəti iclası 2022-ci ildə keçiriləcək. Bunu İsveçrənin Azərbaycandakı səfiri Muriel Peneveyre deyib.
“Azərbaycan-İsveçrə Hökumətlərarası İqtisadi Komissiyasının iclasının 2022-ci ildə Bakıda keçirilməsi planlaşdırılır”, - deyə o, bu gün Cənubi Qafqaz regionu üzrə yeni İsveçrə Əməkdaşlıq Proqramının təqdimatı ilə bağlı keçirilən mətbuat konfransında bildirib.
Səfir qeyd edib ki, son 22 ildə İsveçrə Azərbaycanda 90 layihənin həyata keçirilməsinə $210 milyon ayırıb.
Azərbaycanın işğaldan azad olunmuş ərazilərinin bərpasnda Bernin iştirakına toxunan M.Peneveyre bildirib ki, İsveçrə Beynəlxalq Qırmızı Xaç Komitəsi vasitəsilə minalardan təmizləmə proqramına 1,5 milyon frank ayırıb.
Tədbirdə çıxış edən İsveçrənin Bakıdakı səfirinin müavini Alberto Ernandes qeyd edib ki, İsveçrə İqtisadi Məsələlər üzrə Dövlət Katibliyi (SECO) bu yaxınlarda Azərbaycanda ortamüddətli büdcə xərcləri ilə bağlı layihəyə start verib, layihənin dəyəri 5 milyon İsveçrə frankıdır. “Bu, hazırda İsveçrənin Azərbaycanda reallaşdırdığı ən iri layihədir”, - deyə o qeyd edib.
Diplomatın sözlərinə görə, İsveçrə Azərbaycanda kənd təsərrüfatının inkişafına dəstək verir.*
E.Şəfiyev