Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və Avropa İttifaqı Şurasının Prezidenti Şarl Mişel ikitərəfli münasibətlər, həmçinin Ermənistan-Azərbaycan sərhədinin delimitasiyası və demarkasiyası ilə bağlı məsələləri müzakirə ediblər. Bu barədə dövlət başçısının saytında məlumat verilib.
Dekabrın 14-də Brüsseldə işgüzar səfərdə olan İ.Əliyev ilə Ş.Mişel arasında görüş olub.
“Görüşdə Avropa İttifaqı ilə Azərbaycan arasında əlaqələrin uğurla inkişaf etdiyi qeyd olunub. Avropa İttifaqının Ermənistanla Azərbaycan arasında münasibətlərin normallaşdırılması istiqamətində dəstəyi vurğulanıb. Prezident İ.Əliyev bu məsələlərə verdiyi töhfəyə görə Ş.Mişelə təşəkkürünü bildirib”, - deyə məlumatda qeyd olunur.
Eyni zamanda, bu gün Avropa İttifaqı, Azərbaycan və Ermənistan arasında keçiriləcək üçtərəfli görüşə dair fikir mübadiləsi aparılıb.
“Söhbət zamanı, həmçinin Ermənistan-Azərbaycan sərhədinin delimitasiyası və demarkasiyası ilə bağlı məsələlər müzakirə olunub. Eyni zamanda, kommunikasiyaların açılması, humanitar xarakterli məsələlər və digər mövzular ətrafında geniş fikir mübadiləsi aparılıb”, - deyə məlumatda vurğulanır.*
B.Rüstəmbəyov