44 günlük müharibə dövründə xaricdə fəaliyyət göstərən erməni diaspor təşkilatları tərəfindən $170 milyon məbləğində vəsait toplanıb və bunun $110 milyon məbləğində hissəsi qanunsuz olaraq Ermənistan büdcəsinə köçürülüb.
Xarici İşlər Nazirliyinin Mətbuat xidməti idarəsindənbildiriblər ki, bu barədə Azərbaycan Respublikasının Maliyyə Monitorinqi Xidmətinin əməkdaşı bu gün Misirdə keçirilən BMT-nin Korrupsiya əleyhinə Konvensiyasına tərəf dövlətlərin Konfransının 9-cu sessiyasında məlumat verib.
Bu faktın Ermənistanın yüksək səviyyəli rəsmiləri, o cümlədən baş naziri tərəfindən də etiraf edildiyi və müxtəlif ölkələrin vətəndaşlarından humanitar yardım adı altında aldadılaraq toplanmış və Ermənistanın dövlət büdcəsinə köçürülmüş bu vəsaitin Azərbaycanın işğaldan azad edilmiş ərazilərində əvvəllər yerləşdirilmiş qanunsuz silahlı birləşmələrin silahlanmasına sərf olunduğu qeyd edilib.
Baş prokuror Kamran Əliyev də çıxışında bu problemə və onunla mübarizə aparılmasının vacibliyinə toxunub.
“Xarici İşlər Nazirliyi bildirir ki, Azərbaycan tərəfi bundan sonra da bütün beynəlxalq platformalar çərçivəsində erməni diaspor təşkilatları tərəfindən müxtəlif ölkələrdə təşkil olunan və Azərbaycanın suverenliyinin əleyhinə yönəlmiş ianə toplanması kampaniyalarının ifşa olunması və qarşısının alınması istiqamətində məqsədyönlü fəaliyyətini davam etdirəcək”, - deyə məlumatda vurğulanır.*
R.Əhmədov