Prezident İlham Əliyev dekabrın 14-də Brüsseldə NATO-nun Şimali Atlantika Şurasının iclasında iştirak edib.
“İclasda Azərbaycan-NATO əməkdaşlığı və praktiki müstəvidə əməkdaşlığın inkişafı, Alyansın Əfqanıstanda keçirilən "Qətiyyətli dəstək" missiyasına ölkəmizin töhfəsi, Azərbaycanla NATO arasında planlaşdırma analiz prosesi və digər proqramlar çərçivəsində əməkdaşlığın inkişaf etdirilməsi məsələləri, həmçinin Azərbaycanın Avropanın enerji təchizatında rolu, regional proseslər barədə ətraflı fikir mübadiləsi aparılıb”, - deyə dövlət başçısının saytında məlumat verilib.
NATO-ya üzv dövlətlər tərəfindən ölkəmizin ərazi bütövlüyünə, suverenliyinə, beynəlxalq səviyyədə tanınmış sərhədlərinin toxunulmazlığına bir daha dəstək ifadə olunub.
“İclasda, həmçinin Azərbaycan və NATO silahlı qüvvələri arasında operativ hərbi uzlaşma məsələsinin artırılması da qeyd olunub”, - deyə məlumatda bildirilir.
Prezident İlham Əliyev Azərbaycanın regionda oynadığı rol, xüsusilə Vətən müharibəsinin başa çatmasından sonra bölgədə yaranmış yeni geosiyasi vəziyyət, Azərbaycanın Ermənistanla sülh müqaviləsi üzrə danışıqlara başlamağa hazır olması, həmçinin sərhədlərin delimitasiyası və demarkasiyası prosesinə hazırlıq kimi məsələlər haqqında ətraflı məlumat verib.
Dövlət başçısı qeyd edib ki, NATO-nun 20-yə yaxın ölkəsi Azərbaycandan neft idxal edir. Həmçinin Alyansın 4 ölkəsinin, o cümlədən Türkiyənin Azərbaycandan qaz idxal etdiyi və gələcəkdə bu coğrafiyanın genişləndirilməsi imkanlarının olduğu diqqətə çatdırılıb. Azərbaycanın enerji təchizatı sahəsində etibarlı tərəfdaş olduğu, alternativ mənbə və alternativ xətt üzrə Avropanın enerji təhlükəsizliyinə töhfə verdiyi qeyd edilib.*
R.Əhmədov