Azərbaycan və Ermənistan dövlət sərhədinin delimitasiyası ilə bağlı müvəqqəti işçi qrupun yaradılması ilə bağlı razılığa gəlib.
Bu razılıq dekabrın 14-də Brüsseldə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Avropa İttifaqı Şurasının Prezidenti Şarl Mişel və Ermənistan Respublikasının baş naziri Nikol Paşinyan ilə birgə görüşü zamanı əldə olunub.
“Eyni zamanda, kommunikasiya və nəqliyyat xətlərinin açılması məsələsi geniş müzakirə olunub.Ermənistan tərəfi öz ərazisindən dəmir yolu xəttinin çəkilməsi ilə bağlı üzərinə düşən öhdəliyi təsdiq edib. Bildirilib ki, Ermənistan tərəfi dəmir yolunun çəkilişinə tezliklə start verəcək. Burada gömrük və sərhəd nəzarət məsələlərinin qarşılıqlı prinsip əsasında təmin olunması barədə razılığa gəlinib. Avtomobil yolunun marşrutunun müəyyən edilməsi ilə bağlı müzakirələr davam etdiriləcək”, - deyə Azərbaycan Prezidentinin rəsmi saytında dərc olunmuş məlumatda bildirilir.
Ş.Mişel görüşdə Azərbaycanın işğaldan azad edilmiş ərazilərinin minalardan təmizlənməsi məsələsində Avropa İttifaqının Azərbaycana texniki yardım göstərməyə hazır olduğunu bildirib.
“Görüş konstruktiv mühitdə keçib”, - deyə məlumatda qeyd olunur.*
R.Əhmədov