Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və Ermənistanın baş naziri Nikol Paşinyan Avropa İttifaqı Şurasının Prezidenti Şarl Mişellə Brüsseldə keçirilmiş görüşdə dəmir yolu əlaqəsinin bərpası üzərində işi davam etdirəcəklərini bildiriblər. Bu barədə Avropa Şurasının yaydığı kommünikedə deyilir.
“Sədr Mişel Ermənistanla Azərbaycan arasında, eləcə də bütövlükdə Cənubi Qafqazda nəqliyyat infrastrukturunun bərpa edilməsinin vacibliyini qeyd edib. Bu zaman bütün ölkələrin suverenliyinə riayət edilməlidir”, - deyə sənəddə vurğulanır.
“Dəmir yolu əlaqəsinin bərpası üzrə işlərin davam etdirilməsi barədə razılıq əldə edilib. Bunun üçün qarşılıqlılıq prinsipi əsasında sərhəd və gömrük nəzarəti ilə bağlı razılığa gəlmək lazımdır”, - deyə məlumatda qeyd olunur.*