Azərbaycanın Böyük Britaniya və Şimali İrlandiya Birləşmiş Krallığındakı səfiri Elin Süleymanov etimadnaməsini Britaniya Kraliçası II Yelizavetaya təqdim edib.
“Azərbaycanın səfiri qismində etimadnaməmi Kraliçaya təqdim etmək mənim üçün böyük şərəfdir. Səmimi qəbula görə təşəkkür edirəm”, - deyə E.Süleymanov Twitter hesabında yazıb.
COVID-19 pandemiyası ilə əlaqədar tətbiq olunan məhdudiyyətlər səbəbindən səfir Kraliça ilə onlayn formatda görüşüb.
Söhbət əsnasında tərəflər son onilliklər ərzində Azərbaycanla Britaniya arasında ikitərəfli əlaqələrin inkişaf etməsindən məmnunluq ifadə edib, əlaqələrin bundan sonra daha da genişləndirilməsi və intensivləşdirilməsinin hər iki xalqın marağında olduğunu vurğulayıblar.
Kraliça II Yelizaveta hər il Britaniyada keçirilən Vindzor Kral Atçılıq Şousunda Azərbaycan atlarını heyranlıqla seyr etdiyini bildirərək qarşıdakı illərdə də Britaniyada təşkil edilən bu cür şoularda Azərbaycandan olan atları görmək arzusunda olduğunu nəzərə çatdırıb.*
E.Şəfiyev