Prezident İlham Əliyev bəyan edib ki, Bakı və Moskvanın Avropaya qaz təchizatı məsələsində rəqabət aparması mövzusu çox şişirdilib və heç bir əsas olmadan siyasiləşdirilib.
“Bu rəqabət məsələsi çox şişirdilib və əsassız olaraq siyasiləşdirilib. Bizim qaz təchizatımız Rusiya ilə heç bir şəkildə rəqabət apara bilməz”, - deyə İ.Əliyev İspaniyanın “El Pais” nəşrinə müsahibəsində bildirib.
O vurğulayıb ki, bu məsələ RF prezidenti Vladimir Putinlə heç vaxt müzakirə edilməyib. “Sizə deyə bilərəm ki, biz bu məsələni heç vaxt müzakirə etməmişik. İldə bir neçə dəfə mütəmadi olaraq görüşür və davamlı olaraq telefonla danışırıq, amma o, heç vaxt bu məsələni qaldırmayıb”, - deyə dövlət başçısı qeyd edib.
İ.Əliyev əlavə edib ki, Azərbaycan 2020-ci il dekabrın 31-dən Cənub Qaz Dəhlizi vasitəsilə Avropaya qaz ixracına başlayıb. “Bizim qazımız Avropa bazarları üçün yenidir. Hamımız bilirik ki, bəzi ölkələrin enerji strategiyası ilə bağlı qəbul etdikləri bəzi qərarlar səbəbindən Avropada təbii qaza tələbat artacaq. Burada da Azərbaycan özünü Avropanın etibarlı tərəfdaşı kimi təqdim edir”, - deyə prezident qeyd edib.
O vurğulayıb ki, Azərbaycan qaz almaq istəyən Aİ ölkələri ilə danışıqlar aparmağa hazırdır.
Prezident İlham Əliyev 2018-ci il mayın 29-da Cənub Qaz Dəhlizini işə salıb. Layihənin dəyəri $33 milyard təşkil edib.
CQD layihəsinin əsas komponentləri bunlardır: “Şahdəniz” layihəsi üzrə “Mərhələ-2”, Bakı-Gürcüstan-Türkiyə sərhədi Cənubi Qafqaz boru kəməri magistralının genişləndirilməsi, Türkiyənin şərq sərhədindən qərb sərhədinə qədər Trans-Anadolu qaz kəmərinin (TANAP) və Yunanıstan, Albaniya və Adriatik dənizini birləşdirən Trans-Adriatik qaz kəmərinin (TAP) tikintisi.
CQD ilə ildə 16 milyard kubmetr həcmində Azərbaycan qazının ixrac edilməsi nəzərdə tutulub. Bunun 10 milyard kubmetri Avropaya, 6 milyard kubmetri isə Türkiyənin qərb regionlarına nəql olunacaq. Türkiyəyə qaz ixracına 2018-ci ilin yayından başlanılıb. “Şahdəniz” yatağından hasil olunan Azərbaycan qazının İtaliya, Yunanıstan və Bolqarıstandakı istehlakçılar üçün Avropaya nəqlinə 2020-ci il dekabrın 31-də başlanılıb. Avropaya ixrac CQD-nin sonuncu seqmenti olan və illik ötürmə qabiliyyəti 10 milyard kubmetr təşkil edən Trans-Adriatik qaz kəməri (TAP) ilə həyata keçirilir.
Hazırda CQD-nin ötürmə gücünün 2 dəfə artırılması məsələsi müzakirə edilir.*
A.Əzizov