Qarabağ münaqişəsi bitib və Qarabağın statusu ilə bağlı müzakirələrə dönüş yoxdur. Bunu Prezident İlham Əliyev deyib.
“Azərbaycanın mövqeyi açıq və aydındır. Biz sülh istəyirik, müharibə yox. Müharibədə zəfər çalmışıq, qalibik və bu reallıq nəzərə alınmalıdır. Dağlıq Qarabağ münaqişəsi də həll olunub, Qarabağın statusu və ya buna bənzər hər hansı bir müzakirəyə dönüş yoxdur”, - deyə dövlət başçısı İspaniyanın “El Pais” nəşrinə müsahibəsində bildirib.
Onun sözlərinə görə, Azərbaycan münaqişəni hərbi-siyasi yolla həll edib.
İ.Əliyev qeyd edib ki, Qarabağda Rusiya sülhməramlı qüvvələrinin məsuliyyəti zonasında vəziyyət Azərbaycan-Ermənistan sərhədində olduğundan daha stabildir. “Təəssüf ki, Ermənistan revanş cəhdlərindən əl çəkməyib. Onlar üçün 44 günlük müharibədə məğlubiyyət çox ağrılı idi”, - deyə prezident vurğulayıb.
İ.Əliyev qeyd edib ki, Ermənistan hər cür düşmənçilik hərəkətlərindən və ərazi iddialarından çəkinməli, sülh müqaviləsi üzərində işləməlidir. “Biz qonşuyuq və bizdən heç kim digər planetə uçası deyil. Yanaşı yaşamağı öyrənməli və münasibətlərin, o cümlədən insanlar arasında təmasların normallaşması üçün tədricən zəmin hazırlamalıyıq. Biz açıq şəkildə dedik ki, buna hazırıq. Amma indiyədək heç bir müsbət siqnal almamışıq”, - deyə dövlət başçısı əlavə edib.*
A.Əzizov