Moldova Azərbaycanla biznes forumlarının təşkil edilməsində maraqlıdır. Bunu Moldova Respublikasının Prezidenti Maya Sandu dekabrın 15-də Brüsseldə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevlə görüşdə deyib.
“Biz xaric investorların cəlb edilməsində və istənilən digər ölkələr kimi yeni bazarların tədqiqində maraqlıyıq. Beləliklə, mən təmasların yaradılması və biznes forumlarını təşkil etməklə biznesmenlərimizə bir-biri ilə ünsiyyət yaratmağa kömək imkanını görürəm ki, hər iki ölkənin vətəndaşlarına kömək edə bilək”, - deyə o bildirib.
Öz növbəsində, İ.Əliyev vurğulayıb ki, iki ölkə arasında qarşılıqlı ticarətin səviyyəsi çox kiçikdir.
“Bəzi məlumatlara baxdım və gördüm ki, qarşılıqlı ticarətin səviyyəsi çox kiçikdir. Hesab edirəm bunun artırılması üçün potensial var. Lakin bunun üçün Sizin dediyiniz kimi biznes dairələri bir araya gəlməlidir. Komissiyanın toplantısı olsa, onlar, həmçinin potensial investisiya imkanları, biznes mühiti haqqında təqdimatlar edə bilərlər ki, biz də qarşılıqlı ticarətin səviyyəsini artıra bilək. Hesab edirəm ki, biz bir-birimizə təklif edə biləcəyimiz çoxlu malları müəyyən edə bilərik”, - deyə o qeyd edib.
Sandu Əliyevlə enerji sektorunda əməkdaşlığı müzakirə etməkdə maraqlı olduğunu diqqətə çatdırıb.
Görüşdə, həmçinin Azərbaycanın və Moldovanın bir-birinin ərazi bütövlüyünü daim dəstəklədiyi qeyd olunub.
Beynəlxalq təşkilatlar çərçivəsində əməkdaşlıq, yaxın vaxtlarda hökumətlərarası komissiyanın növbəti iclasının keçirilməsi, iki ölkənin Xarici İşlər nazirlikləri arasında siyasi məsləhətləşmələrin aparılması, enerji, investisiya sahələrində, eyni zamanda, ölkələrimizin biznes dairələri arasında əməkdaşlıq məsələləri müzakirə edilib.*
E.Şəfiyev