Ukrayna Prezidenti Vladimir Zelenski Brüsselə işgüzar səfəri zamanı Azərbaycan Prezidenti İlham Əliyevlə görüşüb. Ukrayna dövlət başçısının mətbuat xidmətindən verilən məlumata görə, görüşdə ölkələr arasında ikitərəfli əməkdaşlığın inkişaf etdirilməsi məsələləri müzakirə edilib.
Zelenski Ukraynanın suverenliyini və ərazi bütövlüyünü dəstəklədiyinə görə Əliyevə təşəkkürünü bildirib.
O, həmçinin 2019-cu ilin dekabrında Azərbaycana səfəri çərçivəsində əldə edilmiş razılaşmalar sayəsində ölkələr arasında ikitərəfli əməkdaşlığın aktivləşdiyini qeyd edib.
“Ukrayna dövlətinin başçısı xatırladıb ki, 2022-ci ilin fevralında Ukraynanın Azərbaycan və Türkiyə ilə diplomatik münasibətlərinin qurulmasının 30 illiyi qeyd olunacaq. Bunu nəzərə alan prezident fevralda Kiyevdə üç dövlətin liderlərinin iştirakı ilə sammitin keçirilməsini təklif edib”, - deyə məlumatda qeyd olunur.
Bundan başqa, Zelenski iki ölkə arasında əməkdaşlığın nəqliyyat-logistika potensialına, o cümlədən dəmir yolu və dəniz nəqliyyatından istifadə etməklə Avropa-Qafqaz-Asiya marşrutu üzrə yüklərin tranzitinin həyata keçirilməsi üçün işlərin intensivləşdirilməsinin vacibliyinə diqqət çəkib.
“O, həmçinin Ukraynanın milli proqram çərçivəsində avtomobil yolları və nəqliyyat qovşaqlarının tikintisində Azərbaycan şirkətləri ilə müsbət əməkdaşlıq təcrübəsinin olduğunu xatırladıb”, - deyə məlumatda vurğulanır.*
E.Şəfiyev